FİQURLU KONKİSÜRMƏ ÜZRƏ DÜNYA ÇEMPİONATINDA AZƏRBAYCAN İDMANÇILARI DA İŞTİRAK EDİRLƏR
Martın 24-də Vaşinqtonda fiqurlu konkisürmə üzrə dünya çempionatı başlanmışdır. 41 ölkədən 194 idmançının qələbə uğrunda mübarizə apardığı bu mötəbər yarışda Azərbaycanı üç idmançı, habelə iki hakim təmsil edir. Qadınların yarışında Darya Timoşenko, rəqs duetlərinin yarışmasında isə olimpiya oyunlarının iştirakçıları Kristin Freyzer və İqor Lukanin Azərbaycan bayrağı altında çıxış edəcəklər. Hakim Yevgeniya Boqdanova qadınlar arasında, İrina Neçkina isə rəqs duetləri arasında yarışmaların münsiflər heyətinə daxildirlər. Azərbaycan idmançılarının ilk çıxışı martın 25-də gözlənilir.
Ölkəmizin Konkisürmə Federasiyasının prezidenti Hüseyn Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: «İdmanda proqnoz vermək riskli olsa da, nümayəndə heyətimizin ilk onluğa daxil olacağına ümid edirəm. Yanvarda iştirak etdiyimiz Avropa çempionatında rəqs dueti 10-cu, Timoşenko isə 12-ci yeri qazandılar. Məşqlərimizi vaxtında keçirmək üçün Rusiyaya, Estoniyaya, hətta ABŞ-a getməli oluruq. Azərbaycanda buz meydançasının olmaması işlərimizi çətinləşdirir. Bununla belə, idmançılarımızın göstəricilərinin artan dinamikasına əsaslanaraq, Vaşinqtondakı çempionatda uğurla çıxış edəcəyimizi düşünürəm.»
Son hadisələrlə əlaqədar Vaşinqtonda çempionatın təxirə salınacağını guman edirdilər. Lakin təşkilat komitəsinin yaydığı məlumatda bildirilir ki, yarış cədvələ uyğun keçiriləcək, ABŞ paytaxtına gələn nümayəndə heyətlərinin və tamaşaçıların təhlükəsizliyi isə tam təmin olunacaqdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton