Firəngiz Mütəllimova: Teatr həm tariximizi yaşadır, həm də gənclər üçün böyük məktəbdir
Bakı, 9 mart, AZƏRTAC
Teatr mədəniyyətin güzgüsüdür. Bu sənət gənclərimizi maarifləndirir, onlara tariximizi öyrədir. Biz tez-tez tarixi və klassik əsərlərə müraciət edirik. Tamaşaçı hər tamaşaya baxanda sanki öz həyatının bir parçasını səhnədə görür. İnsanlar oradan nəsə götürür, düşünür, tərbiyələnir və maariflənirlər. Bu baxımdan, teatr həqiqətən də həyatın göstəricisi və böyük bir məktəbdir.
Bunu AZƏRTAC-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Firəngiz Mütəllimova bildirib.
O, son illərdə teatrlara marağın xeyli artdığını deyib: “Sevindirici haldır ki, tamaşalarımıza ən çox gənclər gəlir. Teatrlar həm də qastrol səfərlərinə çıxır, rayonlarda tamaşalar göstərir. Eyni zamanda, xarici ölkələrdə çıxış edərkən həmin səhnələrdə Azərbaycan mədəniyyətini təqdim edirik. Bundan böyük qürur duyuruq.”
Xalq artisti diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 Mart – Milli Teatr Günü münasibətilə təntənəli tədbir keçiriləcək. Tədbirdə mədəniyyət xadimləri, teatrın əməkdaşlıq memorandumları imzaladığı türkdilli ölkələrin milli teatrlarının rəhbərləri iştirak edəcəklər. Həmçinin mükafat mərasimi də təşkil olunacaq.
"Beləliklə, teatr həm sənətsevərləri bir araya gətirir, həm də mədəniyyətimizin inkişafında mühüm rol oynayır", - deyə F.Mütəllimova əlavə edib.
Müxbir - Gülay Nəzərova