Folklor İnstitutunun professorunun iştirakı ilə “Türk dünyası uşaq nağılları” kitabı hazırlanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri professor Füzuli Bayatın iştirakı ilə türk xalqlarının zəngin folklor irsini uşaqlara çatdırmaq məqsədi daşıyan “Türk dünyası uşaq nağılları” kitabı hazırlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrin müəllifləri sırasında professor Füzuli Bayat, professor Kürşad Zorlu və doktorant Çağla Çama yer alıblar.
Kitabda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, uyğur və tatar folklor mühitinə aid yeddi nağıl təqdim olunur. Nəşrin əsas xüsusiyyətlərindən biri nağılların əvvəlcə onların yarandığı mühitin dil və ləhcə xüsusiyyətləri ilə, daha sonra isə Türkiyə türkcəsində təqdim edilməsidir. Bu yanaşma müxtəlif türk xalqlarının folklor nümunələri arasındakı dil və məzmun yaxınlığının uşaqlar üçün daha aydın şəkildə qavranılmasına imkan yaradır.
Təqdim olunan nağıllarda dostluq, xeyirxahlıq, cəsarət, səbir, paylaşmaq və ümid kimi ümumbəşəri dəyərlər ön plana çıxarılıb. Eyni zamanda, müxtəlif türk xalqlarının folklor yaddaşında qorunan obraz və motivlərin uşaqlar arasında tanıdılması, ortaq mədəni irsin gələcək nəsillərə çatdırılması məqsədi diqqətdə saxlanılır. Nəşrin ön sözündə də vurğulandığı kimi, kitabın əsas ideyalarından biri müxtəlif coğrafi ərazilərdə yaşayan uşaqları folklor vasitəsilə bir-birinə yaxınlaşdırmaqdır. Fərqli ləhcə və sözlərə baxmayaraq, nağıllarda ifadə olunan mənəvi dəyərlərin və həyat təsəvvürlərinin ortaq cəhətləri Türk dünyasının vahid mədəni yaddaşını nümayiş etdirir. “Türk dünyası uşaq nağılları” bu baxımdan yalnız uşaq mütaliəsi üçün nəzərdə tutulmuş nəşr deyil, həm də türk xalqlarının şifahi xalq yaradıcılığında qorunan ortaq irsin tanıdılması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyır.