İDMAN
Formula 1 Niderland Qran-Prisi 2020-ci ildə Assendə keçirilə bilər
Bakı, 29 yanvar, AZƏRTAC
Son bir ildə mətbuatda Formula 1 çempionatının Niderland mərhələsinin tezliklə keçiriləcəyi barədə şayiələr dolaşır. Onu Assen və ya Zandvort şəhərlərinin avtodromlarında keçirmək planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Assen layihənin reallaşdırılmasına da ciddi yanaşıb və təşəbbüs qrupu yaradıb. Təşəbbüs qrupu Zandvortu qabaqlamaq və Formula 1 çempionatının mərhələ yarışını keçirmək üçün hər cür səy göstərəcək. Bu barədə Formula 1-in nümayəndəsi Yost van Kölen məlumat verib.
“F1maximaal” Yost van Kölenin bu sözlərini sitat gətirib: “Biz “sarı jiletlər” deyilik, bir qrup biznesmenik. Hamımız, o cümlədən mən könüllü şəkildə bu işlə məşğul oluruq. Sürprizi pozmaq istəmirəm, amma biz Assen trası üçün nə isə hazırlayırıq. Biz 2020-ci ildən gec olmayaraq Formula 1-i Niderlanda qaytarmaq istəyirik. Əlbəttə, əsas məsələ budur ki, mərhələ ölkəyə qayıtsın. Zandvort avtodromu da yaxşıdır, lakin Assen variantı daha yaxşıdır. Məsələ təkcə yürüşün özündə deyil, həm də azarkeşlərdədir. Assenə daha çox fanat gələ bilər. Düşünürəm ki, hamı razı qalacaq”.