“Formula-1”in “Könüllülük proqramı”na müraciət edənlər arasında yarış keçirilib
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Gəncləri Günü münasibətilə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) könüllülərlə iş üzrə komandası Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının “Könüllülük proqramı”na müraciət edənlər arasında “Volunteers race code” (Könüllülərin yarış kodu) adlı bilik yarışı keçirib.
BŞH-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda Avropa Qran-prisinin “Könüllülük proqramı”na müraciət edənlərdən təşkil olunmuş 11 komanda iştirak edib. Yarış zamanı iştirakçılara “Formula-1” və Bakı haqqında suallar təqdim olunub.
Üç saat davam edən yarışa BŞH-nin mərkəzi ofisində start verilib. Səkkiz mərhələdən ibarət olan yarışda iştirakçılar şəhərin müxtəlif yerlərində, əllərində sual olan zərflərlə onları gözləyən könüllü koordinatorlarına yaxınlaşıblar. Suala düzgün cavab verən yarış iştirakçıları ardıcıllıqla yarışa növbəti mərhələ ilə davam edərək sonuncu mərhələ üçün mərkəzi ofisə gəliblər.
Burada onlara təqdim olunan suala ən tez və düzgün cavab verən “Volunteer stars” (Könüllü ulduzlar) komandası yarışın qalibi olub. İkinci yerə isə “Omega” komandası yiyələnib. Qaliblərə hədiyyələri BŞH-nin İşçi Qüvvəsi üzrə meneceri Atif Qənbərov təqdim edib.
Əməliyyat şirkəti Avropa Qran-prisi yarışınadək müxtəlif əyləncəli və maraqlı tədbirlər keçirmək niyyətindədir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd yarışa qədər olan müddət ərzində vahid və güclü könüllülər komandası yaratmaqdır.
Qeyd edək ki, iştirakçılar sırasında ilk dəfə könüllülük fəaliyyətinə müraciət edənlər də var. Yarış onlarda böyük marağa səbəb olub. Könüllülərin fikrincə, belə tədbirlərin təşkil olunması gənclərin asudə vaxtlarını səmərəli keçirmək baxımından olduqca böyük əhəmiyyətə sahibdir.
Məlumat üçün bildirək ki, Bakı Şəhər Halqasının Könüllülük proqramına qeydiyyat davam edir. Müraciət etmək istəyənlər http://volunteers.bakucitycircuit.com keçidi vasitəsilə proqrama yazıla bilərlər.