FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN “TƏHLÜKƏSİZ HƏYAT” JURNALI NƏŞRƏ BAŞLAMIŞDIR
Nəşrin məramından söhbət açan yazıda deyilir ki, özünün quruculuq dövrünü yaşayan Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin işıqlandırılması, fövqəladə hallardan qorunmaq sahəsində praktiki məsləhətlər, əhali arasında maarifləndirmə işinin aparılması və digər prioritet məsələlər jurnalın işıqlandıracağı əsas mövzular olacaqdır.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun “Elə çalışmalıyıq ki, Azərbaycan vətəndaşları təhlükəsiz işləsin, yaşasın və istirahət etsin” sərlövhəli müsahibəsində nazirliyin fəaliyyət istiqamətləri, təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi sahəsində atacağı addımlar, gördüyü və görəcəyi işlərlə bağlı fikirləri geniş yer almışdır.
Jurnalda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Türkiyə, Rusiya və Fransaya səfərləri, Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqunun Azərbaycana işgüzar səfəri, bu səfərlər çərçivəsində keçirilən görüşlər haqqında ətraflı məlumatlar verilmiş, nazirliyin qısa müddətdə həyata keçirdiyi məqsədyönlü tədbirlərin xronologiyası əksini tapmışdır.