FRANSA CƏRRAHLARI ÇƏKİSİZLİK ŞƏRAİTİNDƏ ƏMƏLİYYAT KEÇİRƏCƏKLƏR
Çəkisizlik şəraiti yaratmaq üçün xüsusi olaraq hazırlanmış təyyarədə keçiriləcək əməliyyat zamanı könüllü xəstənin bazuönündəki kiçik lipoma (piy toxumasından inkişaf edən şiş) kəsilib götürüləcəkdir.
Eksperimentin gedişində təyyarə Fransa ərazisi üzərində təxminən 30 dövrə vuracaq və bu zaman salonda hərəsi təqribən 20 saniyə davam edəcək çəkisizlik şəraiti yaranacaqdır. Altı cərrahdan ibarət qrup əməliyyatı məhz həmin anlarda aparacaq və çəkisizlik şəraiti sona yetdikdə işi dayandıracaqdır.
Əməliyyat zamanı xəstə və cərrahlar təyyarənin salonunda divarlara möhkəm bağlanılacaq, alətləri isə stolun üstündə xüsusi maqnitlərin köməyi ilə saxlayacaqlar.
Eksperimentin rəhbəri doktor Dominik Martan bildirmişdir ki, əməliyyatı həkimlər öz əlləri ilə aparmasına baxmayaraq, tədqiqatdan son məqsəd kosmosda cərrahiyyə əməliyyatını Yerdən nəzarət edilməklə apara bilən qurğular yaratmaqdır. Əlbəttə, kosmik stansiyada astronavta təcili cərrahi müdaxilə etmək, məsələn, kəllədaxili hematomanı kəsib götürmək lazım gələ bilər. Bu, hazırda mümkün deyildir. Hərçənd, bu cür əməliyyatı kifayət qədər sadə robot apara bilər.