FRANSA KİŞİLƏRLƏ QADINLARIN ƏMƏKHAQQINDAKI FƏRQİ ARADAN QALDIRMAĞA ÇALIŞIR
2005-ci ilin əvvəllərində Prezident Jak Şirak əməkhaqqındakı bu fərqi qeyri-məqbul hal adlandırmış və yeni qanun qəbul olunmasını tələb etmişdir. Beləliklə, yeni qanun 1972, 1983 və 2001-ci illərin normativ aktlarından sonra bu sahədə artıq dördüncü qanun olmuşdur. Lakin əvvəlki qanunların heç biri əməkhaqqındakı fərqin aradan qaldırılmasına gətirib çıxarmamışdır.
Yeni qanun heç bir məcburi tədbir və şirkətlər üçün heç bir cəza nəzərdə tutmadığına görə tənqid edilmişdir. Qanunun mətnində göstərilir ki, onun necə işləməsinə 2008-ci ildə milli konfransda yekun vurulacaq və maliyyə sanksiyalarının tətbiqi barədə qərar da ancaq onda qəbul edilə bilər.
Kişilər ilə qadınlar arasında bərabərliyin təmin edilməsi üçün ölkədə çox səy göstərilsə də, real həyatda qadınlar ciddi ayrı-seçkiliyə məruz qalmaqdadırlar. Fransanın fəal əhalisinin təxminən yarısını (45 faiz) qadınlar təşkil edir, yəni əmək bazarında onlar 11,2 milyon nəfərdir. Onların 30 faizi iş gününü tam işləmir (kişilər arasında bu göstərici 5 faizdir). Tam iş günü işləməyən 4,1 milyon adamın 83 faizini qadınlar təşkil edirlər. İşsizliyin səviyyəsi kişilər arasında 8,8 faiz olduğu halda, qadınlar arasında 10,6 faizdir. Seçicilərin əksəriyyəti - 53 faizi qadınlar olsa da, seçkili rəhbər orqanlarda onların sayı azdır. Milli Məclisdə deputatların 12 faizi, Senatda isə senatorların 17 faizi qadınlardır.
2000-ci ildən partiyalar bərabər sayda kişi və qadın namizədlər göstərməyə başlamışlar. Nəticədə regional şuralarda qadınların sayı 48 faizədək artmışdır. İcra hakimiyyəti orqanlarında vəziyyət başqadır. Buna görə də ölkədə merlərin cəmi 11 faizi qadınlardır.
Kişilərlə qadınlar arasında ev vəzifələri də bərabər dərəcədə bölünməyib: qadınlar mətbəxdə, mağazalarda, uşaqlarla gündə 4 saat 36 dəqiqə keçirdikləri halda, kişilər bu işlərlə cəmi 2 saat 13 dəqiqə məşğul olurlar.