İDMAN
FRANSADA AZƏRBAYCAN ŞAHMATÇILARININ UĞURLU ÇIXIŞLARI
Azərbaycan şahmatçıları – beynəlxalq usta Loğman Quliyev və beynəlxalq qrossmeyster Cəmil Ağamalıyev Fransada keçirilmiş açıq beynəlxalq turnirlərdə uğurla çıxış etmişlər.
Respublika şahmat məktəbindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Lya-Fer şəhərində dünyanın 13 ölkəsindən 159 şahmatçının iştirakı ilə keçirilmiş turnirdə Loğman Quliyev 7 xal toplayaraq, 1-7-ci yerləri bölüşdürmüş, Cəmil Ağamalıyev isə 6,5 xalla 11-ci yeri tutmuşdur.
İkinci turnir Kondom şəhərində keçirilmişdir. 12 ölkədən 126 idmançının iştirak etdiyi bu turnirdə Loğman Quliyev 7 xalla 1-6-cı yerləri bölüşdürmüş, əlavə əmsallara görə turnirin qalibi olmuşdur. Cəmil Ağamalıyev isə 9 görüşdə 6,5 xal toplayaraq 7-ci yerə çıxmışdır.
İkinci turnirin yekunlarına görə Loğman Quliyev beynəlxalq qrossmeyster normasını yerinə yetirərək, öz fərdi əmsalına 35 bənd əlavə etmişdir.