Fransada müxtəlif millətlərdən olan icmalar arasında silahlı insident olub
Dijon, 16 iyun, AZƏRTAC
Son günlər ictimai asayişin pozulması ilə əlaqədar baş verən hadisələrə sərt cavab veriləcək. Sui-istifadə hallarının qarşısını almaq üçün həmin əraziyə nəzarət etmək və oranı mühasirəyə almaq lazımdır. Bu, yeganə praktiki strategiyadır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransa Daxili İşlər Nazirliyinin Dijon şəhərində baş verən hadisələrlə bağlı açıqlamasında qeyd olunub.
Məlumatda qeyd olunub ki, qayda pozuntularına qarşı ciddi sanksiyalar tətbiq ediləcək. Dijonda iki dəstə arasında bir neçə gündür davam edən qarşıdurmada polisin passivliyi vurğulanıb və iyunun 16-da ictimai asayişin qorunması məqsədilə yeni qüvvələrin cəlb edildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Dijon şəhərinin mərkəzindəki “Des Gresilles” adlanan məhəllədə atəş səsləri eşidilib. Əvvəlcə bunun pirotexniki vasitə olduğunu zənn edən sakinlər sonradan ciddi atışma olduğunu bildiriblər. “Des Gresilles” məhəlləsində baş verənlərin Fransanın çeçen icmasının üzvləri ilə məhəllə sakinləri arasında qarşıdurma olduğu müəyyənləşib. “Kot-d’Or” prefekturası da hadisənin Fransadakı çeçen icmasının üzvləri ilə “Des Gresilles” məhəlləsinin və Dijon metropolunun digər məhəllələri arasında hesablaşma olduğunu qeyd edib.
Yerli “Le Bien public” qəzetinə müsahibə verən və özünü çeçen kimi təqdim edən şəxs 16 yaşlı çeçenistanlı yeniyetmənin narkotik vasitələrin satıcıları tərəfindən hücuma məruz qaldığını və onun qisasını almaq üçün gəldiklərini bildirib. Fransadan 100-ə qədər, eləcə də Belçika və Almaniyada yaşayan çeçenlər də onlara qoşulublar. Həmin şəxslər şəhəri qarət etmək və sakinlərə hücum etmək niyyətində olmadıqlarını, döyülən çeçen uşağın qisasını almaq üçün gəldiklərini deyiblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Dijon