FRANSADA QİSMƏN AÇIQ SAZİŞİN NAZİRLƏR SƏVİYYƏSİNDƏ 9-CU GÖRÜŞÜ
Oktyabrın 2-5-də Fransanın Bandol adasında Avropa Şurasının İrimiqyaslı təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına dair qismən açıq sazişinin nazirlər səviyyəsində 9-cu görüşü keçirilmişdir. Görüşdə 23 ölkədən 70-ə yaxın nazir və nazir müavinləri, nüfuzlu beynəlxalq təşkilatların, bankların nümayəndələri iştirak etmişlər. Respublikamız baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Görüş iştirakçıları təbii fəlakətlə və iş yerlərində texnogen qəzalarla qarşılaşmış insanların hüquqlarının qorunması, xəsarət almış, ev-eşiyindən məhrum olmuş adamlara hərtərəfli kömək və humanitar yardım göstərilməsi, təbii fəlakətlərin və texnogen qəzaların qarşısının vaxtında alınması, bu sahədə Avropa ölkələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Baş nazirin müavini Abid Şərifov çıxışında bildirmişdir ki, Avropa ölkələri, cəmiyyətin hansı təbəqəsinə mənsubluğundan asılı olmayaraq, insanların həyat və sağlamlığının qorunmasında birgə fəaliyyət göstərməlidir. O, təbii fəlakətlərin qarşısının vaxtında alınması və fəlakətə məruz qalmış insanlara dövlət tərəfindən qayğı və ilkin yardım göstərilməsinə dair Azərbaycan Prezidentinin imzaladığı fərmanlar, bu sahədə Avropa ölkələri ilə əməkdaşlıq, Avropa standartlarına uyğun görülən işlər haqqında məlumat vermiş, indiki işgüzar müzakirənin gələcək birgə fəaliyyət üçün əhəmiyyətini vurğulamışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris