Fransadan fərqli olaraq, Azərbaycan əsl hüquqi dövlət kimi davranmağı bacarır
Bakı, 13 mart, AZƏRTAC
Dil bir xalqın mövcud olmasının əsas göstəricisidir. Çünki dilin daşıyıcısı yoxdursa, deməli həmin xalq da yoxdur. İyirmi birinci əsrdə Fransada, öz tarixi vətənlərində Korsika xalqının dilinin qadağan edilməsi Makron Fransasının görünməmiş aqressiyasıdır. Belə qərar universal dəyərlərdən, insan hüquqlarından dəm vuran Fransanın əslində insan hüquq və azadlıqlarına olan münasibətinin göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
“Bu gün Fransa hər addımda Azərbaycanı ittiham edərək ermənilərin hüquqlarını qorumağa çağırır. Ancaq, halbuki Azərbaycan Qarabağda yaşayan ermənilərə Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün vətəndaşlıq hüquqlarını, o cümlədən öz ana dillərində danışmaq hüququnu tanıdığını dəfələrlə bəyan edib. Belə olan halda bir daha aydın olur ki, Fransanın milli azlıqlara qarşı olan aqressiyasından fərqli olaraq, Azərbaycan əsl hüquqi dövlət kimi davranmağı bacarır və etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarının hamısına bərabər hüquqlar tanıyır. Fransa isə korsikalılara qarşı irqi ayrı-seçicilik tətbiq edir. Halbuki məhz əslən korsikalı olan Napoleon fransızlara tarixdə görmədikləri şöhrəti gətirmişdi. Ömrünün sonuna qədər də fransızca danışmağı öyrənə bilməmişdi. Deməli korsikalıların istedadı, əməyi, onlara aid olan tarixi coğrafiyanın strateji mövqeyi Fransaya lazımdır, ancaq adi insan hüquqlarının korsikalılara verilməsi Fransaya lazım deyil. Demokratiya və insan hüquqları ilə maskalanmış Makron Fransasının iç üzü bundan ibarətdir”, - deyə Hikmət Babaoğlu vurğulayıb.