Fransis Delmas: Fransanın azadlığı uğrunda döyüşmüş azərbaycanlıların xatirəsini daim ehtiramla yad edirik
Veysak, 10 may, AZƏRTAC
İkinci Dünya müharibəsi zamanı Kabertat Partizan Hərəkatı sıralarında Fransanın azadlığı uğrunda döyüşmüş azərbaycanlı partizanların sayəsində əlaqələrimiz əbədiləşib.
Bu fikri İkinci Dünya müharibəsində Kabertat Partizan Hərəkatının fəaliyyət göstərdiyi Vaysak kommunasının meri Fransis Delmas AZƏRTAC-a müsahibəsində söyləyib.
O qeyd edib ki, veysaklılar Azərbaycan ilə əməkdaşlıqda, daha sıx əlaqələrin qurulmasında çox maraqlıdırlar. Xüsusilə də Fransanın azadlığı uğrunda Kabertat Partizan Hərəkatı sıralarında şücaəti ilə tanınmış Əhmədiyyə Cəbrayılov (Ahmed Mişel) veysaklılar arasında çox sevilir və onlar bu qəhrəman azərbaycanlının kəndinə getmək istərdilər.
“Əhmədiyyə Cəbrayılovu hamı tanıyır, onun şücaətini hamı bilir. Onun sayəsində Azərbaycanı da qiyabi tanıyırıq. Onun haqqında müqavimət hərəkatının iştirakçılarından eşitmişəm. Kabertat meşəliyi onların məkanı olub. Burada onlar Fransanın nasistlərdən azad edilməsi uğrunda mübarizə aparıblar. Kabertat partizanlarının xatirəsinə ümumi abidə ucaldılıb. Bu abidə ilə bərabər, Ahmed Mişel üçün əlavə stella qoyulub. Onun xatirəsini daim yad edirik”, - deyə mer bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Veysak