Futbol məşqçiləri üçün növbəti seminar təşkil olunub
Bakı, 26 yanvar, AZƏRTAC
Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının konfrans zalında futbol məşqçilərinin növbəti seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən seminarın əsas məqsədi “Yeniyetmə və gənc futbolçuların inkişafında güc məşqlərinin rolu və yeri”, eləcə də digər mövzularda müzakirələrin aparılması olub.
“Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov tədbir iştirakçılarına bu haqda geniş məlumat verib. Ardınca o, uşaq futbolunun əhəmiyyətindən söhbət açaraq, onlar arasından istedadların üzə çıxarılması və qorunması barədə də fikirlərini çatdırıb.
AFFA-nın Hakim və İnspektorlar Komitəsinin nümayəndəsi Elçin Məmmədov isə seminar iştirakçılarına oyun qaydalarında olan yeniliklər haqda ətraflı məlumat verib və məşqçilərin müxtəlif suallarını cavablandırıb.