FUTBOL ÜZRƏ BAKI ŞƏHƏR KLUBLARARASI BİRİNCİLİYİNDƏ QALİB GƏLMİŞ KOMANDALAR TƏLTİF OLUNMUŞLAR
Bakı, 23 yanvar (AZƏRTAC). Rəşid Behbudov adına Mahnı Teatrında futbol üzrə Bakı şəhər klublararası birinciliyinin qaliblərin təltifetmə mərasimi olmuşdur.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi tədbirdə qalib komandaların oyunçuları, məşqçilər və komandaların rəhbərləri iştirak etmişlər.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Adil Ağayev əlamətdar gün münasibətilə gənc futbolçuları təbrik edərək bildirmişdir ki, ölkə futbolunun inkişafında əhəmiyyətli rol oynayan belə turnirlər paytaxtın klubları arasında artıq 60 ildir keçirilir. Yarışla bağlı məlumat verən A.Ağayev demişdir ki, ötən ilin aprelin 20-dən noyabrın 20-dək davam edən Bakı birinciliyində 20 komandanın heyətində 2500-dək yeniyetmə və gənc futbolçular iştirak etmişlər. O, çıxışının sonunda gənclərə tanınmış futbolçular Anatoli Banişevski, Ələkbər Məmmədov, Kazbek Tuayevə bənzəmələrini, beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəkliklərə qaldırmağı arzulamışdır.
Sonra komandaların təltifetmə mərasimi başlanmışdır. Əvvəlcə 2-ci dəstədə ən yaxşı nəticə göstərən komandalar mükafatlandırılmışlar. Belə ki, 1-ci yerə “ Zəngəzur ”, 2-ci yerə “Spartak”, 3-cü yerə isə “Məşəl” klubu layiq görülmüşdür.
1-ci dəstə komandalarının mübarizəsində isə ümumi hesabda “Respublika Olimpiya İdman Liseyi” klubu Bakı çempionu adını qazanmışdır. “Bakı İdman Futbol Komandası-1” 2-ci, “Neftçi” komandası isə 3-cü yeri tutmuşdur.
Mərasimdə komandaların məşqçiləri də fəxri fərmanlarla təltif olunmuşlar.
######
