Futzal üzrə Azərbaycan kubokunun dörd səkkizdəbir finalçısı müəyyənləşib
Bakı, 26 yanvar, AZƏRTAC
Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsi çərçivəsində 4 oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk oyunda “Advokat” və “Füzuli” komandaları üz-üzə gəliblər. “Füzuli” fasiləyə qədər qapısını toxunulmaz saxlasa da, ikinci hissədə rəqibin ardıcıl qollar vurmasına mane ola bilməyib - 0:6.
Günün ikinci oyunu daha gərgin idman mübarizəsi şəraitində keçib. “Borçalı” görüşün 18-ci saniyəsində hesabı açıb. Ancaq ruhdan düşməyən “Green Log” fasiləyə 2 dəqiqə qalmış ardıcıl iki qol vurmaqla üstünlük qazanıb. “Yaşıllar” üstünlüyünü ikinci hissədə də davam etdiriblər və nəticədə mərhələ adlayan tərəf olublar - 4:1.
Digər qarşılaşmada isə ADBTİA və “Standard” komandaları qarşılaşıblar. Hər iki komandanın Birinci Liqanın ilk “3-lüy”ündə yer alması oyuna marağı bir qədər də artırıb. ADBTİA oyuna fəal başlayıb və 2-ci dəqiqəyədək rəqib torunu 2 dəfə silkələməyi bacarıb. Bu qollar fasiləyə kimin üstün yollanacağına aydınlıq gətirməyib. Fasiləyə qədər 6 qolun vurulduğu matçın ikinci hissəsində qapılara 4 dəfə yol tapılıb və “Standard”ın 6:4 hesablı qələbəsi cütün taleyini həll edib.
Günün sonuncu oyunu da gərginliyi ilə yadda qalıb. Əslində “Atletiko Baku” kimi iddialı komandanı mübarizədən kənarlaşdıran “Xəzər Astara” favorit hesab edilsə də, “Təbriz” təcrübəsi hesabına qalibin kimliyinə aydınlıq gətirib - 4:2.
Beləliklə, ilk oyun gününün yekununda “Advokat”, “Green Log”, “Standard” və “Təbriz” 1/8 finala yüksəliblər.