Füzuli rayonundakı abidələr tariximizin araşdırılmasında böyük əhəmiyyət daşıyır
Bakı, 23 dekabr, AZƏRTAC
İşğaldan azad olunmuş Füzuli rayonunda müxtəlif əsrlərə aid abidələr var. Rayonun ərazisindəki memarlıq abidələrinin bir qismi Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunub.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə bildirib. N.Quluzadə qeyd edib ki, Füzulidəki XIII əsr Mir Əli türbəsi, XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid İbrahim türbəsi, XIX əsrə aid “Məşədi Həbib” hamamı, XIX əsr körpüləri, məscidləri, İmamzadə türbəsi, daşdan yonulmuş at və qoç heykəlləri, kurqan tipli arxeoloji obyektlər böyük maraq doğurur. Abidələr arasında Köndələnçayın sağ sahilində yerləşən arxeoloji obyekt - qədim yaşayış yeri xüsusilə qeyd edilməlidir. Abidə konusvari təpə formasında olub, çoxtəbəqəli yaşayış yeri qrupuna aiddir. Tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu abidə “Qaraköpəktəpə” və “Taxtı-Tavus” adları ilə qeyd olunub. XIX əsr tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində də Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Alman əsilli həvəskar arxeoloq E.A.Resler, sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.İvanovski bu abidədə arxeoloji tədqiqatlar aparıblar. 1964-cü ildə arxeoloq Qüdrət İsmayılzadənin rəhbərliyi altında abidə ətrafında elmi tədqiqatlar yenidən başlayıb. 1980-ci illərin sonunadək davam etmiş bu tədqiqatlar nəticəsində abidə haqqında ilkin təsəvvürlər dəyişdi. Arxeoloji tədqiqatlar abidənin e.ə. V minillikdən b.e. XVIII əsrinə kimi yaşayış yeri olduğunu müəyyən etdi.
Onun sözlərinə görə, tapıntıların bir hissəsi Kür-Araz mədəniyyəti dövrünə, abidənin üst qatlarındakı maddi nümunələr isə son tunc-erkən dəmir və antik dövrlərə, orta əsrlərə aiddir. Azərbaycanda Antik dövrə aid yaşayış yeri ilk dəfə məhz Qaraköpəktəpədə aşkar edilib.
Alim bildirib ki, Füzuli rayonunun qeyd olunan bu abidələri arasında Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olunmuş karvansara da maddi mədəniyyətimiz üçün böyük önəm kəsb edir. Qarğabazar kəndində tikildiyi üçün o “Qarğabazar karvansarası” adı ilə tanınır. Memarı məlum olmayan bu tarixi abidəyə bəzən “Şah Abbas karvansarası” da deyirlər. 1681-ci ildə inşa edilmiş bu karvansaranın eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Girişin sağ və sol tərəflərində gözətçi otaqları, onların isə qarşısında iki böyük sal daş vardır. Görünür, gözətçilər həmin daşların üstünə çıxıb, karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar. Memarlıq üslubuna görə Qarğabazar karvansarası alban dövrü memarlıq ənənələrini özündə təzahür etdirir. Füzuli rayonundakı digər abidələr də tariximizin araşdırılmasında böyük əhəmiyyət daşıyır.