Gələn il xaricdə təhsil proqramına Neft Fondundan 36,7 milyon manat yönəldiləcək
Bakı, 30 dekabr, AZƏRTAC
Dövlət Neft Fondundan 36,7 milyon manat xaricdə təhsil proqramına yönəldiləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı 29 dekabr tarixli “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Fərmanında deyilir.
Fərmanda qeyd olunub ki, gələn il Neft Fondunun xərclərindən 36 milyon 720 min manat Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə sərf olunacaq.