Gənc ekoloqlar üçün yay düşərgəsi təşkil edilib
Bakı, 12 iyun, AZƏRTAC
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və “EkoSfera” Sosial Ekoloji Mərkəzin birgə layihəsi çərçivəsində Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar “Levenqukun mikrodünyası və gənc mikrobioloqlar” adlı uşaq ekologiya düşərgəsi keçirilib.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində 2014-cü ildən başlayaraq gənc ekoloqlar üçün “Ecazkar heyvanlar yanında”, “Gənc kriptozooloqlar”, “Biomüxtəliflik planetdə və kainatın müxtəlifliyi” düşərgələri, habelə Şirvan Milli Parkında praktiki çöl-tədqiqat ekspedisiyası təşkil edilib.
Üç gün davam edəcək “Levenqukun mikrodünyası və gənc mikrobioloqlar” ekologiya düşərgəsi isə 10-12 yaşlı məktəblilər üçün nəzərdə tutulub. Düşərgənin proqrama xüsusi əyani dərslər, mikrobioloji müşahidə, qruplarla iş, yaradıcı seminarlar və sahə elmi-tədqiqat laboratoriyası daxil edilib.