GƏNC ŞEKSPİRİN PORTRETİNDƏ BAŞQA ADAM TƏSVİR OLUNMUŞDUR
Bu ilin aprelində məlum olmuşdur ki, Şekspirin ən məşhur, onun əsərlərindən ibarət nəşrlərin üz qabığını bir əsrdən çox bəzəyən portreti dramaturqun ölümündən sonra çəkilmişdir.
Bir qrup sənətşünas Britaniya Milli Portret Qalereyasında saxlanılan “Qraftonun portreti”ni 9 ay ərzində tədqiq etmişdir. Portretin yuxarı hissəsində “1588” və “24” rəqəmləri yazılmışdır. Birincisi, çox güman, şəklin çəkildiyi ili, ikincisi isə, portretdə təsvir olunan şəxsin yaşını göstərir. Uzun illər belə güman olunurdu ki, bu, Uilyam Şekspirin təsviridir. Onun 1588-ci ildə 24 yaşı tamam olmalıydı. Lakin ekspertlərin fikrincə, portretdəki gənc Şekspir ola bilməz. Onlar bildirirlər ki, şəkli çəkilən şəxs ipək kamzol geymişdir, 24 yaşlı Şekspirin isə belə bahalı əlbisə geymək imkanı yox idi.
Böyük dramaturqun yaradıcılığının tədqiqatçıları xatırladırlar ki, portretin çəkilməsindən iki il əvvəl – 1585-ci ildə Şekspirin əkiz övladları doğulmuşdu və o, doğma Stratford-Eyvon şəhərini tərk etmişdi. Bəzi məlumata görə, o, 1588-ci ildə səyyar aktyorlar truppasına daxil olmuşdu və özünə bahalı ipək əyin-baş ala bilməzdi.
Qalereyanın kuratoru xanım Tarnia Kuper demişdir ki, tablonun Şekspirin portreti olmadığını müəyyənləşdirmək üçün şəklin sistemli tədqiqatını aparmaq kifayət etmişdir. Vurğun Şekspir barədə geniş yayılmış müasir nəzəriyyələrin müəlliflərini məhz həssas çöhrəli gözəl gəncin təsvir olunduğu “Qraftonun portreti” ruhlandırmışdır.
Ekspertlər Şekspirin təsvirlərindən biri fərz edilən “Çandosun portreti”ni ekspertizadan keçirməyə hazırlaşırlar. Yaxın vaxtlarda dahi dramaturqun heç bir portretinin bizim günlərə gəlib çatmadığının aydınlaşacağı da istisna deyildir.