Gəncə Dövlət Universitetində Müasir Təlim Mərkəzi açılıb
Gəncə, 27 mart, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Avropa Komissiyasının “Erasmus+” proqramı üzrə PETRA layihəsi çərçivəsində yaradılan Müasir Təlim Mərkəzinin açılışı olub.
Tədbirdə universitetin professor-müəllim heyəti, gənc tədqiqatçılar və təlimçilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə son illərdə bu ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin artırılması və elmi araşdırmaların beynəlxalq rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, hazırda dünyanın, xüsusən də Avropanın ən nüfuzlu universitetləri, qabaqcıl elmi tədqiqat mərkəzləri ilə qarşılıqlı, faydalı əməkdaşlıq edən GDU həmin elm-təhsil mərkəzləri ilə həm ikitərəfli, həm də çoxtərəfli qaydada müxtəlif beynəlxalq layihələrdə iştirak edir.
Həmin universitetlərlə, eləcə də Avropa Komissiyası ilə təhsil sahəsində qurulan əməkdaşlığın perspektivlərindən danışan Pərvin Kərimzadə bu vaxta qədər reallaşdırılan beynəlxalq layihələr çərçivəsində universitetdə yaradılmış mərkəzlərin yüksəkixtisaslı kadrların hazırlanması istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib.
Yeni layihənin məqsədi və Müasir Təlim Mərkəzinin gələcək fəaliyyətindən danışan İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov bildirib ki, koordinatorluğunu İspaniyanın Valensiya Politexnik Universitetinin etdiyi PETRA (“Azərbaycan Universitetlərində tədris və təlimin təkmilləşdirilməsi”) layihəsi elmi tədqiqatların və təlim proseslərinin inkişaf etdirilməsinə yönəlib. 2017-ci ilin mart ayında başlanan bu layihənin reallaşması üçün görülən işlər 2 il davam edib. Layihəyə əsasən mütəxəssislərin dəstəyi ilə Avropa Universitetlərində beynəlxalq təlimlər təşkil olunub. Həmin təlimlərdə GDU-nun əməkdaşları da iştirak ediblər. Bununla yanaşı, layihənin qrantı hesabına GDU-nun 5-ci tədris korpusunda yaradılan mərkəzdə müasir avadanlıqlar - kompüterlər, proyektorlar, elektron sistemlər qurulub. Mərkəz öz fəaliyyətini həyata keçirmək üçün kamera, çap qurğuları və virtual reallıq eynəkləri ilə təchiz edilib.
Məhz bu layihənin həyata keçirilməsi ilə GDU-nun doktorantlarının istənilən sahə üzrə elmi tədqiqatları üçün beynəlxalq akkreditasiya olunmuş kitabxanalardan, elm mərkəzlərindən onlayn yararlana biləcəyini deyən Vasif Həsənov vurğulayıb ki, layihənin gənc tədqiqatçı alimlərin beynəlxalq elmi arenada müasir elmin imkanlarından yararlanmasında böyük köməyi olacaq.
Qeyd edilib ki, Təhsil Nazirliyi və Azərbaycanın 8 universiteti layihənin tərəfdaşıdır. Eyni zamanda, layihə çərçivəsində Gəncə Dövlət Universiteti ilə Avropa İttifaqından Jivaskula Universiteti (Finlandiya), Vyana Tətbiqi Elmlər Universiteti (Avstriya), Valensiya Politexnik Universiteti (İspaniya), Debresen Universiteti (Macarıstan) və Qazi Universiteti (Türkiyə) əməkdaşlıq edir.
Sonda yeni yaradılan Müasir Təlim Mərkəzi ilə tanışlıq olub.