Gəncənin tarixi adının bərpasından 33 il ötür
Gəncə, 30 dekabr, Elcan Məmmədov, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni ilin gəlişi ərəfəsində gəncəlilər daha bir bayramı qeyd edir. 1989-cu il dekabrın 30-u dəfələrlə adı dəyişdirilən Nizami yurdunun tarixi adı özünə qaytarılıb. 1989-cu ildə Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunub. Gəncə adının bərpası təklifi qəbul edilib və ertəsi gün qərar verilib.
Əməkdar jurnalist Qərib Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə deyib ki, bu qərar həmin dövrdə gəncəlilər tərəfindən böyük coşqu ilə qarşılanıb: “Həmin ilin dekabrın 30-da Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq edib. Qərarda deyilirdi ki, “Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə uyğun olaraq "Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın”.
Gəncənin tarixi adının bərpa edilməsi məsələsini ilk dəfə Əməkdar jurnalist Nüşabə Məmmədli qaldırıb. 1987-ci il fevralın 17-də Bakıda jurnalistlərin VII Qurultayında Rəyasət Heyətində yer alan N.Məmmədli Kirovabad adının dəyişdirilərək şəhərin tarixi adının bərpa edilməsi ilə bağlı məsələ qaldırır. Onun çıxışı o vaxtki rəhbərlik tərəfindən xoş qarşılanmasa da xalq tərəfindən bəyənilir.
Qərib Mehdiyev Nüşabə Məmmədlinin bu çıxışından sonra təqiblərə və təzyiqlərə məruz qaldığını söyləyib: “Gəncə bir üzükdürsə Nüşabə xanım bu üzüyün qaşıdır. Çünki, o vaxt çoxlarının deyə bilmədiyini o dilə gətirdi. Proseslərin içərisində olan adam kimi deyə bilərəm ki, Gəncənin tarixi adının bərpası ilə bağlı çıxışından sonra o çox əziyyət çəkdi”.
1990-cı il yanvarın 2-də bu münasibətlə Gəncədə təntənəli iclas keçirilib və xalq şəhərin tarixi adının bərpa edilməsini böyük ruh yüksəkliyi ilə qarşılayıb. Beləliklə, vətənsevər insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bir arzu sonda uğurla nəticələnib.