Gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyinə yekun vurulub
Bakı, 5 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Güləş Federasiyası tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 1996-1998-ci il təvəllüdlülər arasında sərbəst güləş üzrə yarışlarda 13 klubu təmsil edən 70 idmançı 8 çəki dərəcəsi üzrə mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Şahin Muxtarov (50 kq), Mahir Mahmudov (55 kq), Elmar İbrahimov (60 kq), Alı Osmanlı (66 kq), Ceyhun Kərimzadə (74 kq), Cavid Sadıqov (84 kq), Fərid Məmmədov (96 kq) və Adəm Cəlilov (120 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yunan-Roma güləşi üzrə yarışlarda isə 14 klubdan 76 idmançı 8 çəki dərəcəsi üzrə birincilik uğrunda xalça üzərinə çıxıb. Birincilikdə Seymur Hüseynov (50 kq), Ziyad Zeynalov (55 kq), Elvin Namazlı (60 kq), Sənan Süleymanov (66 kq), Mehrac Kərimov (74 kq), Arif Niftullayev (84 kq), Nizami Şəmilov (96 kq) və Cavid Feyziyev (120 kq) qızıl medal qazanıblar.
Sərbəst güləş üzrə yarışlarda ilk üç, yunan-Roma güləşi üzrə yarışlarda isə ilk beş yeri tutmuş idmançılar respublika turnirinə vəsiqə qazanıblar.
Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.