MƏDƏNİYYƏT
Gənclər Kitabxanasında narkomaniya ilə mübarizəyə dair materiallar hazırlanıb
![](/files/galleryphoto/2023/2/1200x630/16876912895024754727_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1687691289517835319_1200x630.jpg)
Bakı, 25 iyun, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə aid narkomaniyanın fəsadları və bu sosial bəlaya qarşı mübarizəyə dair videoçarx, metodiki vəsait, həmçinin ənənəvi sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda narkotik vasitələrdən asılılıq mərhələləri, bu asılılığın ağır fəsadları haqqında ətraflı məlumat verilib.
Videoçarxda 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününün təsis edilməsi tarixindən və Azərbaycanda bu sahədə atılan ciddi addımlar, narkomaniya ilə mübarizə mövzusunda qəbul edilən dövlət proqramı və digər rəsmi sənədlərdən bəhs edilib. Bu ümumbəşəri faciənin insan sağlamlığına vurduğu ciddi zərbə, narkotik vasitələrdən asılılığın necə ağır fəsadlara səbəb olması haqqında məlumatlar əks olunub.
“Narkomaniyaya yox deyək!” adlı metodiki vəsaitdə narkomaniya haqqında ümumi məlumat verilib, Azərbaycan Respublikasının narkomaniya və narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi tədbirlər, eləcə də narkomaniya ilə mübarizədə kitabxanalarda təşkil olunacaq tədbirlərə dair tövsiyələr, görkəmli şəxslərin fikirləri və digər məlumatlar yer alıb.
Respublika Gənclər Kitabxanasında eyni zamanda “Narkomaniya - dövrün bəlası” adlı ənənəvi kitab sərgisi açılıb. Sərgidə narkomaniya, ona səbəb olan amillər, acı fəsadları, bu bəladan xilas yolları, həmçinin digər mövzuları əhatə edən kitab və dövrü mətbuat materialları sərgilənməkdədir.
Bəşəriyyətin ən dəhşətli, fəsadları acınacaqlı, çox zaman ölümlə nəticələnən problemlərindən olan, cəmiyyətin, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT Baş Assambleyası tərəfindən 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü elan olunub.