Gənclər təşkilatlarının hüquqi savadlılığının artırılmasına dair layihənin icrası yekunlaşıb
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Azərbaycan Respublikası Gənclər Fondunun birgə tərəfdaşlığı və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə reallaşdırılan “Gənclər təşkilatlarının hüquqi savadlılığının artırılması” layihəsinə yekun vurulub.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Gənclər Təşkilatlarının Resurs Mərkəzində Vəkillər Kollegiyasının sədri Anar Bağırovun və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri ilə görüşü olub.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
NAYORA-nın sədri Azər Əliyev layihə barədə məlumat verib, baş katib Ramin Həbibzadə təqdimatla çıxış edib. Bildirilib ki, layihə çərçivəsində indiyədək Vəkillər Kollegiyasının Rəyasət Heyəti və vəkillər tərəfindən gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün müxtəlif mövzularda silsilə təlimlər keçirilib. Təlimlərdə 40 gənclər təşkilatının 100-ə yaxın nümayəndəsi iştirak edib.
Anar Bağırov Kollegiyanın Gənclər Fondu ilə əməkdaşlığından danışaraq, birgə faydalı layihələrin həyata keçirildiyini bildirib. Vəkillər Kollegiyasının fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verən sədr qeyd edib ki, son illərdə vəkilliyə üz tutan hüquqşünaslar əsasən gənclərdən ibarətdir. Onların vəkilliyə yeni nəfəs gətirdiklərini vurğulayan A.Bağırov rəhbərlik etdiyi qurumun gənclərlə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Bildirib ki, bu cür layihələr vəkilliyi gənclərə daha yaxın edir. Vəkillər Kollegiyası gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına daim dəstək göstərir və ali təhsil ocaqları, hüquqşünas tələbə təşkilatları ilə bu istiqamətdə əməkdaşlıq əlaqələri qurub. Bu baxımdan Gənclər Fondu ilə hüquqşünas tələbələr üçün ötən il möhtəşəm Yay Məktəbinin, bu il Qış Məktəbinin təşkil olunmasının önəmi vurğulanıb.
Gənclərə tövsiyələrini verən Anar Bağırov vurğulayıb ki, Azərbaycan gəncləri savadlı, yüksək intellektual səviyyəyə yiyələnməli, dövlətçiliyi hər şeydən üstün tutmalıdırlar: “Bu gün gənclərimizin qarşısında yeni çağırışlar var. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğal altındakı torpaqlarımızı azad etdi. Döyüş meydanında müharibə düşmənin məğlubiyyəti ilə başa çatsa da, sosial şəbəkələrdə və müxtəlif platformalarda informasiya müharibəsi davam edir. Bu baxımdan gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Çünki gənclərimiz Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında xüsusi fəallıq nümayiş etdirməli, düşmənin təxribat xarakterli informasiyalarının qarşısını almalıdırlar”.
Fərid Cəfərov Vəkillər Kollegiyası ilə Gənclər Fondunun sıx əməkdaşlığından danışıb, son illər gənclərin vəkilliyə marağının artdığını vurğulayıb. Gənclərin maariflənməsinin önəmini xüsusi qeyd edən icraçı direktor gənclər təşkilatları üçün hüquqi məsələlərə dair kitabçanın hazırlanmasının bu istiqamətdə faydalı olacağını bildirib.
Sonra gənclərin sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.
Qeyd edək ki, ilk təlim vəkil Lalə Nağıyeva ilə “Gənclər təşkilatlarında əməkdaş, könüllü və təcrübəçilərlə əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulması və tənzimlənməsi” mövzusunda baş tutub. Təlimdə əməkdaşların əməkhaqlarının tənzimlənməsi, qanunvericilikdə bu məsələyə yanaşma ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İkinci təlim Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynovla “Gənclər təşkilatlarının nümayəndələrinin müqavilələrlə iş və ideyalarının təsdiqlənməsi üçün əqli mülkiyyət sahəsində savadlılığının artırılması” mövzusunda keçirilib. Təlim interaktiv müzakirələr və sual-cavab sessiyasını əhatə edib. Üçüncü təlim isə vəkil Əfqan Baxışov ilə “Gənclər Təşkilatlarının digər qurumlar və maraqlı tərəflərlə korporativ münasibətlərin tənzimlənməsi və korporativ hüquq siyasətinin formalaşdırılması" mövzusunda olub.