GƏNCLƏR VƏ İDMAN NAZİRİ AVROPA KOMİSSİYASINDA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Belçikada işgüzar səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Komissiyasının bir sıra rəsmiləri ilə görüşmüşdür. Nazir görüşlər barədə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində demişdir: “Qurumun təhsil və mədəniyyət departamentinin gənclər, idman və vətəndaşlarla əlaqə bölməsinin direktoru Pyer Meresslə, habelə “Unit Youth” proqramının beynəlxalq əməkdaşlıq bölməsinin inzibatçısı Jiorjio Gozzudli Marini ilə görüşümüzdə Avropa İttifaqı və Avropa Komissiyasının Azərbaycana dəstəyi ətrafında fikir mübadiləsi aparmış, əməkdaşlıq məsələlərini müzakirə etmişik.
İlk növbədə, bizi “Unit Youht” proqramı çərçivəsində milli planımızı hazırlamaq üçün Avropa İttifaqının gənclər və idman bölməsinin təcrübəsi maraqlandırmışdır. Çunki onların texniki dəstəyi bizim üçün çox vacibdir. Gənclər və idmanla bağlı tədbirlərin Azərbaycanda tez-tez keçirilməsi, ATAF üzvü olan tələbələrin Avropa İttifaqında təcrübə keçməsi barədə arzumuzu bildirdik.
Etiraf edim ki, müəyyən məsələlərlə bağlı məşğələlərin yalnız Avropa İttifaqına daxil olan ölkələr üçün keçirildiyini güman edirdik. Amma müzakirələr zamanı digər ölkələrin də könüllülük prinsipi əsasında həmin tədbirlərdə iştirak edə bilməsi aydınlaşdı. Digər tərəfdən isə tələbələrimizin Avropa Parlamentinin deputatları yanında təcrübə keçməsi və ölkəmiz barədə onları dolğun məlumatlandırması vacibdir. Bu məsələ müzakirə zamanı xüsusi marağa səbəb oldu.
Hazırda Azərbaycanın Avropaya inteqrasiyası ümdə məsələdir və bu sahədə müəyyən uğurlar əldə etmişik. Lakin biz bu sahadə işi daha da gücləndirməkdə, Avropa İttifaqı ilə sıx əməkdaşlıqda maraqlıyıq. Görüş zamanı bu məsələyə də toxunduq”.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Emin Eyyubov görüşlərdə iştirak etmişdir.
######
