GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ İRAN NUMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KECİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 30-da gənclər və idman naziri müavininin vəzifəsini icra edən İsmayıl İsmayılov İran İslam Respublikasının Urmiya şəhərinin Bədən Tərbiyəsi və İdman İdarəsinin rəisi Əli Molla Əhmədinin başcılıq etdiyi numayəndə heyəti ilə görüşmüşdür.
Görüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş və məzarı önünə gül dəstələri qoymuşlar.
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı önünə də güllər düzmüşlər.
İranlı nüməyəndələr Şəhidlər xiyabanında da olmuş, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsi önünə gül qoymuşdur.
Görüş zamanı İsmayıl İsmayılov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən geniş söz açmışdır. Azərbaycanda idman sahəsində böyük irəliləyişin baş verdiyini deyən natiq vurğulamışdır ki, ölkəmizdə 2007-ci ildə 40-a yaxın beynəlxalq yarış keçirilmişdir.
Görüşdə əməkdaşlığın gələcək perspektivləri istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiklərini deyən Əli Molla Əhmədi ölkəmizdə keçirdiyi görüşlərin onda xoş təəssürat oyatdığını söyləmişdir. Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən qonaq, bu səfərin Azərbaycan ilə İran arasında idman və idman təhsili sahəsində əməkdaşlığa təkan verəcəyinə əmin olduğunu vurğulamışdır.
İranlı qonaqlar Azərbaycana səfərləri çərçivəsində bir sıra idman obyektləri ilə yaxından tanış olmuşlar.