GƏNGƏNİN 2500 İLLİYİ TƏNTƏNƏ İLƏ QEYD EDİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu günlər qədim Gəncə torpağı əsil bayramı təntənəsini yaşayır. Bir neçə gündür ki, şəhərin 2500 illiyi ilə əlaqədar yubiley tədbirlərinə start verilmişdir. Küçələrdə görünən faytonlar, dəvə karvanları, milli geyimli atlılar bu qədim yurdun keçmişini bir daha göz önündə canlandırır. Sentyabrın 18-də şəhərin mərkəzi meydanı daha izdihamlı idi. On minlərlə şəhər sakini və qonaqlar bu xoş günləri onlara bəxş edən müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək, heykəlin önünə əklil və tər çiçək dəstələri düzdülər. Tədbir dahi söz ustası Nizami Gəncəvinin məqbərəsi önündə keçirilən poeziya bayramı ilə davam etdi. Şairlərdən Məmməd Alim, İnqilab İsaq, Aydın Murovdağlı, Xəzangül və başqaları çıxış edərək dahi şairə həsr etdikləri şeirlərini oxuduqdan sonra Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Şəhər ictimaiyyətinin nümayəndələri və qonaqlar dahi söz ustasının abidəsini ziyarət edib məzarı üstünə gül-çiçək dəstələri qoydular. Sonra 7-8-ci əsrlərdə yaşamış və o dövrlərdə mərdliyi və şücaəti ilə ad qazanmış Comərdi Qəssabın məqbərəsini ziyarət edən tədbir iştirakçıları keçən il ölkəmizin Prezidentinin tapşırığı ilə ucaldılmış qəhrəmanlıq simvolu olan Cavad xanın türbəsi önünə gəlmiş, xalq qəhrəmanının xatirəsini anmışlar. Aktyorların ifasında Cavad xana həsr olunmuş şeirlər səslənmiş, velosipedsürənlərin yarışından sonra Heydər Əliyev xatirə kompleksində Gəncə Dövlət Kamera Orkestrinin konserti olmuşdur.
Gəncənin 2500 illik yubiley tədbirləri davam edir.