Gennadi Züqanov: Planetimizdə sülhün və ədalətin nə demək olduğunu Azərbaycanda yaxşı başa düşürlər
Bakı, 10 fevral, Ayişə Axundova, AZƏRTAC
Fevralın 10-da Bakı Slavyan Universitetində Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə BSU-nun rektoru, professor Asif Hacıyev ilə görüşüb. Qonaqlara “rus dili və ədəbiyyatı” ixtisası üzrə yüksək səviyyəli pedaqoji kadrlar hazırlayan universitetin yaranması tarixi və fəaliyyəti
barədə məlumat verilib. Qeyd edilib ki, dünyanın bir çox nüfuzlu universiteti, o cümlədən Rusiyanın ali məktəbləri ilə sıx əməkdaşlıq edən bu ali təhsil ocağının beynəlxalq əlaqələri genişlənir.
Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Rusiya Mədəniyyət və Təhsil Mərkəzi ilə tanış olublar. Moskva meriyasının dəstəyi ilə universitetdə yaradılan Moskva Mərkəzi və rus dilində ədəbiyyatdan ibarət geniş kitabxana nümayəndə heyətinin üzvlərində böyük təəssürat oyadıb. Bildirilib ki, BSU-da Sankt-Peterburq şəhərinin, habelə Belarus, Polşa və digər slavyan dövlətlərinin Mərkəzləri fəaliyyət göstərir.
BSU-nun iclas salonunda universitetin tələbə, professor və müəllim heyəti ilə görüşdə rektor A.Hacıyev bildirib ki, G.Züqanovun başçılıq etdiyi RFKP-nin nümayəndə heyətini Bakı Slavyan Universitetində salamlamağa şaddır. O, Azərbaycanda rus dilinə və mədəniyyətinə olan məhəbbəti vurğulayıb, ölkələrimiz arasında tarixən təşəkkül tapan dostluq münasibətlərinin buna xidmət etdiyini qeyd edib.
Rusiya Kommunist Partiyasının lideri Azərbaycanda rus dilinə münasibətdən razı qaldığını bildirərək qeyd edib ki, iki mədəniyyətin vəhdəti gözəl nəticələr verir. O vurğulayıb ki, Azərbaycanda təhsilin ən yaxşı ənənələri qorunur və inkişaf etdirilir. Dünya universitetlərinin çoxunda mühazirələrlə çıxış etdiyini bildirən G.Züqanov qeyd edib ki, Bakı Slavyan Universitetinə ilk dəfə gəlsə də, burada hökm sürən səmimiyyəti və mehribanlığı dərhal hiss edib.
Böyük Vətən müharibəsi illərində Azərbaycanın və Bakı neftinin müstəsna rolunu vurğulayan qonaq 70 illiyi bu ilin mayında qeyd ediləcək faşizm üzərində böyük Qələbəyə misilsiz töhfə vermiş Azərbaycan neftçilərinin və arxa cəbhə zəhmətkeşlərinin qəhrəman və fədakar əməyini qeyd edib. G.Züqanov deyib ki, planetimizdə sülhün və ədalətin nə demək olduğunu Azərbaycanda yaxşı başa düşürlər.
Sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb, gənclərə tövsiyə və məsləhətlər verib.
Rusiya Kommunist Partiyasının lideri BSU-ya böyük Qələbənin 70 illiyinə həsr olunmuş qızıl medal, kitablar və üzərində Y.Qaqarinin kosmosa uçuşu təsvir olunan xatirə hədiyyəsi təqdim edib. Qonağa Bakı Slavyan Universitetinin hazırladığı “Sergey Yesenin dilinin ensiklopedik lüğəti” təqdim olunub.
Sonda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov BSU-nun fəxri qonaqlar kitabında ürək sözlərini yazıb.