Gilavar Foto Klubunun mina qurbanları ilə bağlı layihəsi yekunlaşıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gilavar Foto Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə mina qurbanlarına həsr olunan “Təhlükənin kulMİNAsiya nöqtəsi” fotolayihəsinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “Yeni klinika”da “Düyməni sıxan ayaqlar” adlı fotosərgi təşkil olunub.
Tədbirdə çıxış edən “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, rəhbəri olduğu layihənin əsas məqsədi cəmiyyəti mina təhlükəsi ilə bağlı maarifləndirmək və insanları mina hadisələrindən sığortalamaq olub: “Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. Təəssüf ki, 2020-ci il noyabrın 10-dan, yəni İkinci Qarabağ müharibəsindən sonra ölkədəki mina qurbanlarının sayı artmaqda davam edir.
Layihə müddətində Azərbaycanda və xarici ölkələrdə fotosərgilər təşkil olunub və maarifləndirici videoçarxlar hazırlanıb”.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə rəisi Ramil Əzizov maarifləndirmə tədbirlərinin vacibliyinə diqqət çəkib: “Aparılan minatəmizləmə əməliyyatlarına baxmayaraq hələ də mina terroru səbəbindən dünyasını dəyişən insanlar var. Vətən müharibəsindən sonra 381 nəfər mina partlayışının qurbanı olub. Düşünürəm ki, bu kimi maarifləndirmə layihələrinin nəticələri müsbət olacaq”.
Tədbirdə ANAMA-nın, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri, QHT-lər və mina terrorundan zərərçəkmiş şəxslər iştirak ediblər.
Daha sonra mina terrorunun qurbanları öz hekayələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda mina təhlükəsi ilə bağlı hazırlanmış videoçarxlar nümayiş olunub.