CƏMİYYƏT
“Gilavar Foto Klubu”nun üzvləri Moskvada TASS-ın seminarında iştirak ediblər
Bakı, 2 dekabr, AZƏRTAC
Rusiyanın TASS İnformasiya Agentliyinin təşkilatçılığı ilə noyabrın 25-dən dekabrın 1-dək Moskvada MDB-dən olan xəbər agentliklərinin fotomüxbirləri üçün seminar təşkil edilib.
Bu barədə AZƏRTAC-a “Gilavar Foto Klubu” İctimai Birliyindən məlumat verilib. Seminarda TASS-ın dəvəti ilə Azərbaycandan “Gilavar Foto Klubu” İctimai Birliyinin üç üzvü – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri Tofiq Babayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı, beynəlxalq dərəcəli fotoqraf Allahkərim Abbasov və “Bakı Metropoliteni” QSC-nin əməkdaşı Məhərrəm Məcidov iştirak ediblər.
Təlim zamanı TASS-ın Fotoxronika redaksiyasının aparıcı fotoqrafları tərəfindən müasir dünyada xəbər fotojurnalistikası, protokol çəkilişi və rəsmi tədbirlərin işıqlandırılması, videoçəkiliş, eləcə də digər mövzular haqqında məruzələr edilib, praktiki tapşırıqlar verilib.
Seminar çərçivəsində iştirakçılar TASS İnformasiya Agentliyinin baş ofisinin və Fotoxronika redaksiyasının inzibati binalarında olublar. Fotoqraflar burada əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub, agentliyin iş prosesini yaxından izləyiblər. Eyni zamanda, agentliyin baş direktorunun birinci müavini Mixail Qusman ilə görüşüblər.
Sonda seminarı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
“Gilavar Foto Klubu” İctimai Birliyinin üzvləri artıq ikinci ildir ki, bu cür seminarda iştirak edirlər. Gələcəkdə klub ilə Rusiyanın TASS İnformasiya Agentliyi arasında foto sahəsi üzrə əməkdaşlığın davam etdirilməsi, müxtəlif təlim və layihələrin keçirilməsi nəzərdə tutulur.