İDMAN
Gimnastlarımız Avropa çempionatında 2 medal qazanıblar
Bakı, 4 iyun, AZƏRTAC
İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə 28-ci Avropa çempionatı davam edir. Yarışda millimizin üzvləri 1 qızıl və 1 bürünc medal qazanıblar.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, komandamıza ən yüksək nəticəni gənclər arasında batut üzrə sinxron cütlüyümüz Maqsud Mahsudov və Hüseyn Abbasov qazandırıb. Belə ki, onlar sinxron proqramda bütün rəqiblərini üstələyərək 48,420 xalla fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Tamblinq üzrə yığmamızın üzvləri Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) böyüklər arasında komanda yarışında bürünc medala sahib çıxıblar.
Bu gün Avropa çempionatında gənclər arasında tamblinq üzrə komanda yarışlarının finalı keçiriləcək. Komanda yarışlarında ölkəmizi gimnastlarımız Bilal Qurbanov, Aleksey Karataşov, Hüseyn Əsədullayev təmsil edəcəklər.
İyunun 5-də fərdi proqramda tamblinq üzrə final mərhələsi, batut üzrə yarımfinal mərhələsi keçiriləcək.
Tamblinq üzrə fərdi proqramda böyüklər arasında Mixail Malkin və Tofiq Əliyev, gənclər arasında isə Hüseyn Əsədullayev çıxış edəcəklər. Batut üzrə fərdi proqramda gənclər arasında Hüseyn Abbasov və Maqsud Mahsudov, böyüklər arasında isə Selcan Mahsudova mübarizəyə qoşulacaqlar.
Xatırladaq ki, mayın 26-dan 28-dək eyni şəhərdə batut gimnastikası və tamblinq üzrə keçirilən 3-cü “Aere Trampoline Cup” beynəlxalq turniri və dünya kuboku yarışında da idmançılarımız uğurla çıxış ediblər. Belə ki, beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal, dünya kuboku yarışında isə tamblinq üzrə 1 gümüş medal əldə olunmuşdu.