REGİONLAR
Gömrük təmsilçiləri ilə görüşdə sahibkarların təklif və rəyləri öyrənilib
Naxçıvan, 14 sentyabr, AZƏRTAC
Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzində sahibkarlar və gömrük nümayəndələri ilə “Aksizli malların gömrük rəsmiləşdirilməsi” mövzusunda növbəti görüş təşkil edilib.
İdarədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr barədə məlumat verilib. Bildirilib ki, məqsəd gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi hesabına biznes proseslərinin səmərəliliyinin artırılması, sahibkarların məmnunluq səviyyəsinin yüksəldilməsidir.
O da qeyd olunub ki, gömrük sistemində aparılan təkmilləşdirilmələrlə bağlı biznes subyektləri, gömrük təmsilçiləri və digər hədəf qrupları ilə mütəmadi keçirilən görüşlərin əsas hədəfi onların təklif və rəylərinin öyrənilməsi, gömrük-biznes əməkdaşlığının gücləndirilməsidir.
Daha sonra mövzu ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib, aksiz vergisinin normativ-hüquqi əsası, Azərbaycan Respublikasında aksizli malların siyahısı, aksiz markası ilə markalanmalı və məcburi nişanlanmalı olan mallar, məsuliyyətin yaranması mövzularında görüş iştirakçılarına məlumat verilib, səsləndirilən təklif və rəylər dinlənilib, suallar ətraflı cavablandırılıb.