Gömrükçülərin sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 16 iyun, AZƏRTAC
Gömrükçülərin sayıqlığı nəticəsində İran İslam Respublikası ilə sərhəddə yük avtomobilindən külli miqdarda narkotik vasitə - heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycandan tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın paytaxtı Kiyevə yemiş, pomidor və badımcandan ibarət tərəvəz yükü aparan “Scania” markalı “AT1682CI/AT0023XT” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və avtomobilə gömrük yoxlaması tətbiq edilib.
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 11 paletdə qablaşdırılan badımcan yükünə yenidən reaksiya verdiyindən xüsusi texniki nəzarət vasitələri ilə əsaslı yoxlama aparılıb. Nəticədə standart ölçülü plastik yeşiklərin 100 ədədində “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılmış “badımcanların” altında hər yeşikdə 2 ədəd olmaqla ümumilikdə 200 ədəd yastı - düzbucaqlı formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda ümumilikdə 108 kiloqram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin qablaşdırıldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.