GORANBOY RAYONUNDA SU PROBLEMİ HƏLL EDİLİR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Goranboy rayonunun su təchizatı probleminin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu yaxınlarda Murovdağdan 47 kilometr uzunluqda çəkilən kəmər istifadəyə verildikdən sonra rayon mərkəzinin, eləcə də, 20-yə yaxın iri kəndin içməli su təminatı qaydaya salınmışdır. Hazırda su probleminin həlli istiqamətində başlanan işlər uğurla davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Yuxarı Qarabağ kanalından Cinli Boluslu kəndinə çəkilən kəmərdə yarımçıq qalmış işlər başa çatdırılmaqdadır. Bundan əlavə, Kürəkçaydan Borsunlu kəndinə 500 millimetrlik borularla 28 kilometr uzunluğunda su xəttinin çəkilişinə hazırlıq işləri başlanmışdır.