“GÖRKƏMLİ ADAMLARIN HƏYATI” SERİYASINDAN “HEYDƏR ƏLİYEV” KİTABI MOSKVADA KEÇİRİLƏNBEYNƏLXALQ SƏRGİDƏ NÜMAYİŞ ETDİRİLİR
Ölkəmiz “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasından buraxdığı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitabla təmsil olunur. İlin ən yaxşı nəşri sayılan “Heydər Əliyev” kitabının müəllifləri Rusiya və Azərbaycan yazıçıları Viktor Andrianov və Hüseynbala Mirələmovdur. “Heydər Əliyev” kitabı Rusiyanın ən böyük “Molodaya qvardiya” nəşriyyatının xüsusi stendində “Görkəmli adamların həyatı” seriyasından tanınmış şəxsiyyətlər haqqında digər kitablarla birlikdə nümayiş etdirilir.
Nəşrin ilk buraxılışı ötən il Moskva sərgisində nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. İndi isə kitabın bu yaxınlarda Moskvada çapdan çıxmış ikinci, tamamlanmış nəşri təqdim olunmuşdur. Müəlliflərin sözlərinə görə, “Heydər Əliyev” kitabının ikinci nəşrində görkəmli siyasi xadimin çoxşaxəli və misilsiz həyat yolundan daha ətraflı danışılır, onun bioqrafiyasının az məlum olan faktlarından, habelə fəaliyyətinin ayrı-ayrı dövrlərindən şahidlərin xatirələri əsasında söhbət açılır.
Kitabın həmmüəllifi Viktor Andrianov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ikinci nəşr birincidən əhəmiyyətli dərəcədə onunla fərqlənir ki, buraya Heydər Əliyevin həyat və fəaliyyətinin yeni məqamlarını, o cümlədən Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi, Azərbaycan rəhbərliyinə qayıtdığı çətin dövrləri, Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi vaxtları, Bakıya qayıtdıqdan sonra atdığı ilk addımları və bioqrafiyasının digər əlamətdar anlarını əhatə edən çoxsaylı materiallar daxil edilmişdir. V.Andrianov “Molodaya qvardiya” nəşriyyatına, habelə ona və Hüseynbala Mirələmova Azərbaycanın, keçmiş SSRİ-nin görkəmli dövlət xadimi Heydər Əliyev haqqında kitab yazmaqda kömək edənlərin hamısına təşəkkürünü bildirmişdir.