GÖRÜLMÜŞ İŞLƏR KAFİ QİYMƏTLƏNDİRİLMİŞ, QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Əvvəlcə rayon icra hakimiyyəti başçısı Firudin Babayevin məruzəsi dinlənilmişdir. Natiq “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyənləşdirilən vəzifələrin icrasından danışaraq, 2005-ci ildə 879 iş yeri açılmasını nəzərə çarpdırmış, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə 50 çarpayılıq xəstəxana tikildiyini və 1500 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən Pirsaat su anbarının təmirinin sürətləndirildiyini bildirmişdir.
Məruzəçi uğurları göstərməklə yanaşı, təhsil, səhiyyə mədəniyyət və bir sıra digər xidmət sahələrində yol verilmiş nöqsanlara da toxunmuş, bəzi məmurları işgüzarlığı və prinsipiallığı artırmağa, tapşırıqların icrasına daha vicdanla yanaşmağa, dövlətçiliyin tələb etdiyi hallarda qətiyyətli və birmənalı vətəndaş mövqeyi ortaya qoymağa çağırmışdır.
Məruzə ətrafında müzakirələrdə təhsil şöbəsinin müdiri Şükür Məmmədov, Qazıməmməd qəsəbə bələdiyyəsinin sədri Ramiz Qasımov, gənclər və idman idarəsinin rəisi İlqar Talıbov, suvarma sistemləri idarəsinin rəisi İbrahim İbrahimov, mərkəzi xəstəxananın baş həkimi Hafiz Bəşirov, müharibə veteranı Əliş Baxşiyev, polis şöbəsinin rəisi Elçin Qubadov, YAP rayon təşkilatı qadınlar şurasının sədri Tamella Məmmədova və başqaları çıxış edərək ötən il qazanılmış uğurları qiymətləndirmiş, həlli vacib bir sıra məsələləri açıqlamış, təkliflərini vermişlər.
İclasda iştirak edən respublika daxili işlər nazirinin müavini, general-leytenant Əsgər Ələkbərov ötən il Hacıqabulda da real işlər görüldüyünü vurğulamış, hamını dövlətimizin başçısı İlham Əliyevin müdrikcəsinə yürütdüyü siyasi-iqtisadi kursun fəal icraçısı olmağa çağırmışdır.
İclasın iştirakçıları ötən il görülmüş işləri kafi qiymətləndirmişlər.
Sonda respublika Prezidentinə müraciət ünvanlanmışdır.
Prezidentin İcra Aparatının məsul işçisi Rəhim Məmmədov iclasda iştirak etmişdir.