REGİONLAR
Göyçayda növbəti suvarma mövsümünə hazırlıq görülür VİDEO
Göyçay, 21 dekabr, AZƏRTAC
Göyçay Suvarma Sistemləri İdarəsinin balansında olan baş sugötürücü qurğu üzərində yeni, müasir suölçən cihaz quraşdırılıb.
İdarənin rəisi Şakir Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ayrı-ayrı mənbələrdən suvarma suyunu götürərək su istifadəçilərinə çatdırılması məqsədi ilə idarənin balansında olan 206 kilometrə yaxın təsərrüfatlararası kanal və 1517 kilometrə yaxın təsərrüfatdaxili kanallardan istifadə olunur. Təsərrüfatlararası kanallar üzərində 613 ədəd, təsərrüfatdaxili kanallar üzərində isə 1273 ədəd hidrotexniki qurğu var. Bundan başqa, idarənin balansında olan baş sugötürücü qurğu üzərində yeni, müasir suölçən cihaz quraşdırılıb.
Onun sözlərinə görə, bu il Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən Qarabaqqal, Ərəb, Şəhadət, Mirzəhüseynli, Bığır, Qaraxıdır, Çərəcə, Potu, Müskürlü, Alpoud, Qızılağac, Çaxırlı, İnçə, Ləkçıplaq suvarma arxlarında, Qarayazı beton kanalında və digər arxlarda lildən təmizləmə işləri aparılıb. Şəhər daxilindən keçən Mallı-Şıxlı, Potu, Çərəkə, Qarabörk və Qəzyan suvarma arxlarında lil və digər çöküntülərin avtomaşınlarla daşınması təmin edilib. Bundan başqa, məcra təmizləmə işləri çərçivəsində Göyçay çayında məcra təmizləmə işləri həyata keçirilib.
Qeyd edək ki, Göyçay Suvarma Sistemləri İdarəsi rayon üzrə 26500 hektara yaxın suvarılan ərazinin su təminatı ilə məşğul olur. Əkin sahəsinin 7069 hektarı Göyçay çayından, 17772 hektarı Yuxarı Şirvan kanalından, 1607 hektarı Yekəxana anbarından su götürülməklə suvarılır.