Göz sağlamlığını qorumaq üçün düzgün qidalanma əsas şərtdir
Bakı, 18 aprel, AZƏRTAC
İnsan orqanizmində bütün orqanlar əhəmiyyətli rola malikdir. Göz sağlamlığını qorumaq üçün düzgün qidalanma əsas şərtdir.
AZƏRTAC xəbər verir ki, bunu oftalmoloq Naibə Bağırova deyib. O, göz sağlamlığı üçün faydalı qidaları və vitaminləri sadalayıb: “Yerkökü gözlər üçün vacib tərəvəzlərdən biridir. Yerkökü, yumurta sarısı, portağal və göbələyin tərkibində olduqca çox A vitamini mövcuddur. A vitamini kataraktanın qarşısını alır. Qaranlıqda belə daha yaxşı görmək üçün hər zaman yerkökü yeməyiniz tövsiyə edilir. Gözlər üçün digər faydalı vitaminlərdən biri də C vitaminidir. Portağal, kivi, çiyələk kimi meyvələrdə, eyni zamanda, brokkoli və bibərin də tərkibində mövcuddur. Sözügedən meyvə və tərəvəzlər antioksidant qaynağıdır. Aparılan araşdırmalara görə, C vitamini kataraktanın azalmasına kömək edir. Diabet xəstələri gözlərini C vitamini ilə qoruya bilər. Yetərli miqdarda qəbul edilən vitamin diabet xəstələrinin gözlərini zərərli maddələrdən uzaq tutur. C vitamini şəkər xəstəliyinin sinirlər və damarlar üzərindəki mənfi təsirlərinin qarşısını alır. Göz sağlamlığı üçün mühüm vitaminlərdən biri də E vitaminidir. Badam, yer fıstığının tərkibi E vitamini ilə zəngindir. Göz sağlamlığını qorumaq üçün B2 vitamininin əksikliyinə də diqqət edilməlidir. Maddələr mübadiləsinin düzgün fəaliyyəti üçün B2 vitaminə ehtiyac var. Orqanizmdə normadan az B2 vitamini olduqda həzm sistemi, mədə, böyrək, saç, dəri problemləri ilə qarşılaşmaq mümkündür. Süd, qatıq, pendir, yerkökü, alma, əncir, balıq və digər qidaların tərkibində bol miqdarda B2 vitamini var”.