Güclü külək Xaçmazda qaz xətlərini sıradan çıxarıb, iki avtomobilin üzərinə ağac aşıb
Xaçmaz, 7 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda güclü küləyin törətdiyi fəsadlar nəticəsində 50-yə yaxın abonentə təbii qazın verilməsi dayandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər ərazisində küləyin təsirindən yarımtikilinin dam örtüyü qaz xəttinin üzərinə düşüb və onu sıradan çıxarıb. Nəticədə bir çoxmənzilli bina və 5 fərdi evə “mavi yanacağ”ın verilməsində məhdudiyyət yaranıb.
Rayonun Vələmir kəndində isə külək elektrik dirəyini 57 mm-lik qaz xəttinin üzərinə aşırıb. Burada da 10-a yaxın abonent qazsız qalıb. Xaçmaz Regional Qaz İstismar İdarəsinin əməkdaşları qəzaların aradan qaldırılması üçün əraziyə cəlb olunublar.
Bundan başqa, şəhərin Nəriman Nərimanov küçəsində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının qarşısında dayanan "VAZ 2106" və "QAZ 3110" markalı avtomobillərin üzərinə işıq dirəyi və ağacın aşması nəticəsində maşınlara ciddi ziyan dəyib.