GÜNƏBAXANDAN QİÇS-Ə QARŞI YENİ DƏRMAN HAZIRLANA BİLƏR
DKT virus inteqrazını - QİÇS virusunun təkrar istehsalı üçün zəruri olan fermenti məhv etməyə qadir maddədir. Tədqiqatın müəlliflərindən biri - Klaudio Çerbonçini bildirmişdir ki, İÇV-ni məhv edən digər preparatlardan fərqli olaraq, DKT daha az fəsad verir. Həmin maddənin səmərəliliyi bu yaxınlarda aparılmış tədqiqatlarda sübuta yetirilmişdir. Lakin preparatın istehsala buraxılmasına onun istehsal texnologiyasının mürəkkəb və dəyərinin yüksək olması imkan verməmişdir. Çox cüzi miqdarda DKT ancaq artişokda (ənginar) və yabanı kasnı bitkisində aşkarlanmışdır, onun laboratoriya şəraitində sintezi isə çox mürəkkəb olmuşdur. Hazırda bu maddənin milliqramının bazar qiyməti təxminən 1000 avrodur.
Alman alimləri bu maddəni təsadüfən kəşf etmişlər, çünki onlar tamamilə başqa bir sahəni öyrənirdilər. Tədqiqatların obyekti kifayət qədər geniş yayılan bitki xəstəliyi - Sclerotinia sclerotiorum kif köbələyinin törətdiyi ağ çürük xəstəliyi idi. Bir çox bitkiləri, o cümlədən də günəbaxanı zədələyən bu xəstəlik çox vaxt müəyyən hava şəraitində yaranır, bitkinin yuxarı hissəsinin soluxmasına və gövdəsinin aşağı hissəsinin çürüməsinə gətirib çıxarır.
Bu xəstəliyə tutulan bitkilərin çoxu məhv olur, lakin ayrı-ayrı nümunələr zədələnməmiş qalır. Aqrotexnik Klaudio Çerbonçini kif köbələklərinə qarşı davamlı olan bitkilərin hasil etdiyi kimyəvi maddələri - antitoksinləri öyrənmişdir. DKT də məhz həmin maddələr arasında tapılmışdır.
Tədqiqatçılar köbələk infeksiyasına cavab olaraq, DKT-nin spesifik fermentinin hasilatı üçün “məsuliyyət daşıyan” günəbaxan genlərini müəyyənləşdirmək ümidindədirlər. Bu genlərin xüsusi bakteriyalara yeridilməsi fermenti sənaye miqyasında əldə etməyə imkan verəcəkdir.