GUÖAM-IN RƏHBƏRLİK KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI BAKIDA KEÇİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Rəfael Mirzəyevin başçılığ etdiyi nümayəndə heyəti Kiyev şəhərində təşkil olunmuş "GUÖAM Ticarətə və Nəqliyyata Yardım üzrə Strategiya və Fəaliyyət Planı"nın həyata keçirilməsinə dair Rəhbərlik Komitəsinin 1-ci iclasından qayıtmışdır. İclasda adı çəkilən planın, GUÖAM Ticarətə və Nəqliyyata Yardım üzrə Rəhbərlik Komitəsinin Əsasnamə layihəsinin razılaşdırılması, o cümlədən GUÖAM iştirakçı dövlətlərinin nəqliyyat dəhlizinə aid sərhəd buraxılış məntəqələrinin müəyyən edilməsi, Strategiya və Fəaliyyət Planının təsdiq olunması üçün mayın 17-də Tbilisidə keçiriləcək Xarici İşlər Nazirləri Şurasına təqdim edilməsi, GUÖAM Rəhbərlik Komitəsinin növbəti iclasının keçirilməsi və s. məsələlərə baxılmışdır. İki gün davam edən iclasda gündəliyə çıxarılmış məsələlər təsdiqləndikdən sonra Protokol imzalanmış, 2-ci iclasın Bakıda keçirilməsi qərara alınmışdır.