İQTİSADİYYAT
Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərman preparatları aşkar edilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postunda Gürcüstandan Azərbaycana gələn qatar dartıcısına gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, sürücü və köməkçisi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Yoxlama zamanı isə nəqliyyat vasitəsinin dartıcısından gömrük orqanına bəyan olunmayan 18 adda 15 403 ədəd dərman preparatı və 114 ədəd inyeksiya qələmi aşkar olunub.
Bundan başqa, Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
DGK əməkdaşlarının apardığı yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan ümumilikdə 10100 həbdən ibarət 5 adda dərman preparatı aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.