Gürcüstan “Gürcü Arzusu”na – sülhə, sabitliyə, inkişafa səs verdi – RƏY
Bakı, 28 oktyabr, AZƏRTAC
Gürcüstan vətəndaşları tərəqqi, sabitlik, əmin-amanlıq yolu ilə irəliləməyi üstün tutdular, hakim partiyanı dəstəkləməyə qərar verdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdən gəlmiş beynəlxalq müşahidəçilər, eləcə də ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, NATO missiyaları Gürcüstanda parlament seçkilərini faktiki olaraq legitim hesab edirlər.
O bildirib ki, Gürcüstan Konstitusiyasına görə, parlamentin ilk iclası seçkilər başa çatdıqdan sonra on gün ərzində keçirilməli, bu iclası ölkə prezidenti elan etməlidir. Lakin Prezident Salome Zurabişvili müxalifət liderləri ilə birgə keçirdiyi brifinqdə açıqlama verərək seçkilərin nəticələrini tanımadığını bildirdi. Bunun qarşılığında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan etdi ki, əgər prezident Konstitusiyanı pozarsa, onda on gündən sonra ilk iclası parlament özü təşkil edəcək. Knyaz Aslan vurğulayıb ki, bu, ölkədə ictimai-siyasi sabitliyin pozulmasına rəvac verə biləcək bir məqamdır. Qeyd edib ki, hadisələrin hansı axarla davam edəcəyini zaman göstərəcək.
Knyaz Aslan vurğulayıb ki, parlament seçkilərində Gürcüstanda yaşayan azərbaycanlılar da yüksək fəallıq nümayiş etdirdilər. Sayı 300 min nəfərə çatan soydaşlarımızın mütləq əksəriyyəti sülhü, sabitliyi, inkişafı dəstəkləyərək, hakim partiyanın müdafiəçiləri kimi səs verdilər.
Qeyd olunub ki, son zamanlar Gürcüstanla Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin güclənməsi, iki qonşu müstəqil dövlətin bir-birinə dayaq olması, bölgədə davamlı sülhə nail olmaq üçün beynəlxalq tədbirlərdə ölkələrimizin bir-birini dəstəkləməsi, indiki hakimiyyətin Gürcüstanın siyasi, iqtisadi və sosial həyatında azərbaycanlıların fəal iştirakına şərait yaratması ilə əsaslandırırdılar.
Beləliklə, dost və qonşu Gürcüstanda keçirilən demokratik parlament seçkilərinin nəticələri göstərdi ki, ölkə vətəndaşları regionda sülhə, sabitliyə, inkişafa səs verdilər. Bu seçki həm Qərbdəki və Avropadakı ağalarından, xüsusilə Fransadakı bacılarından göstəriş gözləyən, Cənubi Qafqazda əmin-amanlığın yaranmasında maraqlı olmayan, məqam düşən kimi qonşularına diş qıcayan hiyləgər Ermənistan üçün əməlli-başlı dərs oldu. “Qərb, yoxsa Rusiya” dilemması qarşısında boynunu büküb guya çıxış yolu arayan, anlaşılmaz siyasi gedişləri ilə region üçün əməlli-başlı təhlükə yaradan Ermənistan üçün nicat yolunu, əslində, Gürcüstan göstərdi.
Seçki prosesinin iqtidar və müxalifət partiyalarının sağlam rəqabəti şəraitində, müxtəlif cinahlarda mövqeləşən siyasi qüvvələrin açıq mübarizəsi müstəvisində, ən başlıcası isə bütövlükdə dinc məcrada keçməsi demokratiya yolunda inamla addımlayan müstəqil Gürcüstanın Cənubi Qafqaz regionunda sülhə sadiqliyini bir daha nümayiş etdirdi. Ümid etmək olar ki, bununla yanaşı, başa çatmış seçkilər həm də Gürcüstanın Azərbaycanla strateji əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə, bu ölkənin Avro-Atlantik inteqrasiya prosesini davam etdirməsinə əsaslı zəmin yaradır.