Gürcüstan KİV-ləri Prezident Salome Zurabişvilinin Azərbaycana səfərini geniş işıqlandırıb
Tbilisi, 27 fevral, AZƏRTAC
Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfərinə bu ölkənin KİV-lərində geniş yer verilib.
AZƏRTAC xəbər verir ki, geniş oxucu kütləsinə malik və rus, Azərbaycan, gürcü dillərində yayımlanan newsgeorgia.ge, apsny.ge, interpressnews.ge, vestikavkaza.ru, newspress.ge, kavkasia.net, 24news.ge, gaxa.ge informasiya portallarında, “Gürcüstan”, “Sakartvelo” qəzetlərində, “Rustavi 2”, “İmedi”, “Pirveli” televiziya kanallarında, radiolarda Prezident Salome Zurabişvilinin Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident xanım Mehriban Əliyeva, eləcə də Baş nazir və parlamentin sədri ilə görüşləri barədə silsilə materiallar yayılıb.
Materiallarda Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığına, dostluğuna verilən yüksək qiymət, iki ölkənin birgə həyata keçirdikləri irimiqyaslı enerji və nəqliyyat layihələri, sərmayə imkanları, nəzərdə tutulan regional layihələr, regionda mövcud olan problemlər, ərazi bütövlüyü, iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, sərhədlərin delimitasiyası və s. məsələlər ətrafında aparılan danışıqlar əksini tapıb.
Qeyd edək ki, Salome Zurabişvili bundan əvvəl Belçikaya, Fransaya və Almaniyaya səfər etmişdi. Lakin həmin səfərlər bu qədər geniş işıqlandırılmamışdı.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi