COP29
Gürcüstan mediasında AZƏRTAC-ın xüsusi müxbirinin COP29-la bağlı məqaləsi dərc olunub
Tbilisi, 5 noyabr, AZƏRTAC
Gürcüstanın aparıcı “newsday.ge”, “24news.ge”, “interpress.ge”, “qafqazturk.com”, “realnews.ge” informasiya portallarında AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizovun “Bütün təzyiqlərə baxmayaraq Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edəcək” sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycan, rus və gürcü dillərində yayımlanan məqalədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biri olduğu qeyd edilir.
Bildirilir ki, COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Bu, eyni zamanda, Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.
Məqalədə, həmçinin vurğulanır ki, COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, Prezident İlham Əliyevin dünyada yüksək nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin parlaq nümunəsidir. Dövlətimizin başçısı qazanılan bu uğurla Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.
Yazıda, eyni zamanda, dünyada iqlim dəyişikliyi ilə bağlı getdikcə daha təhlükəli hal alan təhdidlərlə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsinin, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsinin zərurətə çevrildiyi vurğulanır, Azərbaycanın da bu çağırışa qoşulan ölkələr sırasında olduğu bildirilir.
Azərbaycanın özünün bu sahədə mühüm tədbirlər gördüyü, ekologiyanın və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə etdiyi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaşıl enerji zonası elan olunduğu barədə də oxuculara məlumat verilir.
Bildirilir ki, Azərbaycan iqlim təhlükəsizliyinə verdiyi vacib dəstəyə baxmayaraq, bəzi hallarda diskriminasiyaya məruz qalır. Bu yanaşma iqlim dəyişikliyi ilə bağlı beynəlxalq mübarizədə ədalətli yanaşmanın təmin olunmasını daha da zəruri edir.
Məqalədə, həmçinin vurğulanır ki, COP və iqlim dəyişməsi ilə əlaqədar dünya Qərbdən yeni maliyyə öhdəlikləri gözləyir. Lakin bu qlobal problemlə mübarizədə maliyyə öhdəliyindən yayınmaq üçün Qərb COP29-a ev sahibliyi edən ölkəyə qarşı böhtan və şantaj kampaniyası aparır. Halbuki ətraf mühitə ən böyük ziyan vuranlar arasında Qərb ölkələri üstünlük təşkil edir. Bu baxımdan onlar Azərbaycanın xoş niyyətinə zərbə vurmağa və beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındırmağa çalışırlar.
Qeyd edilir ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan COP29 kimi mötəbər tədbiri yenə də yüksək səviyyədə təşkil edəcək. Çünki ölkəmiz beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəyə malikdir.