GÜRCÜSTANDA AĞIR QƏTL FAKTLARININ ÜSTÜ AÇILMIŞDIR
Nazir V.Merabişvili martın 6-da jurnalistlərə bildirmişdir ki, cinayətin üstü açılmışdır. O demişdir: “Biz bu qətlin peşəkarlar tərəfindən törədildiyini bilirdik. İndi həmin cinayətdə şübhəli sayılan adamları tutmuşuq. Gürcüstan DİN-in Konstitusiya Təhlükəsizliyi Departamentinin idarə rəisi Giya Alania, bu idarənin zabitləri Avtandil Apsiauri, Aleksandr Qacava və Mixail Bibiluri həmin cinayəti törətməkdə şübhəli şəxs kimi həbsə alınmışlar”.
Beləliklə, nazir daha bir cinayətin üstünün açıldığını söyləyir, müxalifət isə idarəsində “cəlladlar çalışan nazirin vəzifədə qalmasına mənəvi haqqı olmadığını” deyir və martın 7-də Gürcüstan Baş Prokurorluğu qarşısında təhqiqatın axıradək aparılması, qətlin sifarişçilərinin tutulması tələbi ilə aksiya keçirmişdir.
DİN martın 7-də daha bir qətl faktının üstünü açmışdır. 2002-ci ildə “Tbilqaz” şirkətinin maliyyə direktoru vəzifəsini tutan Nikoloz Lominadzenin qatilinin həmin dövrdə şirkətdə kommersiya direktoru, hazırda isə onun baş direktoru işləyən Georgi Qviçiani olduğu aydınlaşdırılmış və o, şübhəli şəxs kimi həbs edilmişdir.