Gürcüstanda etnik azlıqların dövlət dilini yeni metodlarla öyrənmələri üçün layihə hazırlanıb
Tbilisi, 3 mart, AZƏRTAC
Gürcüstan parlamentində “Etnik azlıqların, yüksək dağlıq ərazilərdə yaşayan insanların və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin tədrisinin innovativ metodları” adlı layihənin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, parlamentin insan hüquqları və vətəndaş inteqrasiyası komitəsində keçirilən tədbirdə Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin, dini icmaların, Gürcüstanın Aktiv Qadınlar Asossiasiyasının və digər QHT-lərin nümayəndələri iştirak ediblər.
Komitənin sədri Sofo Kiladze, “Regionların mədəni-elmi və sahibkarlıq” Asossiasiyasının sədri Besika Kartsivadze, Gürcüstanın Aktiv Qadınlar Asossiasiyasının sədri Gültəkin Mustafayeva çıxış edərək ölkədə yaşayan bütün milli azlıqların dövlət dilini öyrənməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, hər bir vətəndaşın cəmiyyətə tam inteqrasiyası və məşğulluğu üçün dövlət dilini bilməsi əsas şərtdir. Müasir dövrdə rəqəmsal texnologiyaların inkişaf etdiyini vurğulayan çıxışçılar dövlət dilinin tədrisində bu yeniliklərin tətbiqinin vacibliyini qeyd ediblər.
Bildirilib ki, layihənin ilkin mərhələdə azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycanlıların gürcü dilini öyrənməsi üçün Azərbaycan və gürcü dillərində müxtəlif mövzular üzrə əyləncəli və oyun formasında tapşırıqların olduğu proqram da hazırlanıb.
Yeni layihə yalnız Gürcüstanda yaşayan azərbaycanlılar deyil, ölkədəki bütün etnik azlıqlar üçün nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi