Gürcüstanda milli azlıqların problemləri diqqət mərkəzində saxlanılır
Tbilisi, 13 dekabr, AZƏRTAC
Gürcüstanın Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda milli azlıqların problemlərinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Gürcüstan Barış və Vətəndaş Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı ilə qəbul edilmiş “2015-2020-ci illər üçün Vətəndaş Bərabərliyi və İnteqrasiya Strategiyası” planı müzakirə olunub.
Tədbirdə Bolnisi şəhər meri David Şerazadişvili, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı, Gürcüstan Barış və Vətəndaş Məsələləri üzrə Dövlət Nazirliyinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov çıxış edərək bölgədə milli azlıqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qəbul olunmuş qərarlar və strateji planı barədə məlumat veriblər. Bildirilib ki, planın məqsədi Gürcüstanda yaşayan etnik azlıqların bütün hüquqlarını müdafiə etmək, onların siyasi və ictimai həyatda demokratik proseslərin və ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfələri qiymətləndirmək, cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.
Məlumat verilib ki, Kvemo Kartli bölgəsinin təşəbbüsü ilə etnik azlıqların problemlərini həll etmək üçün Məsləhət Şurası yaradılıb. Şuranın yaradılmasında məqsəd milli azlıqların bölgədə həyata keçirilən proqramlarda, sosial və iqtisadi məsələlərdə iştirakını istiqamətləndirmək və bu sahədə fəaliyyəti təkmilləşdirməkdir. Şuraya milli azlıqların maraqları və onların iştirakı ilə müxtəlif məsələlərlə bağlı tövsiyələr hazırlamaq səlahiyyətləri verilib. Məsləhət Şurasının iclaslarına nəzarəti Xalq Müdafiəçisi Aparatı (Ombudsman) həyata keçirəcək.
Çıxışlarda əminlik ifadə olunub ki, bu strategiya nəticəsində həyata keçirilən inteqrasiya öz növbəsində mədəniyyətlərarası və millətlərarası sülhü və sabitliyi təmin edəcək.
Rayon bələdiyyəsinin, kənd icra nümayəndəliklərinin və milli azlıqların təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Ayaz Məmmədov bildirib ki, bu gün qarşıda duran əsas vəzifə etnik azlıqların hüquqlarının qorunması sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən fəaliyyəti dəstəkləmək, həm hökumət, həm də qeyri-hökumət təşkilatlarının birgə əməkdaşlığını təmin etməkdir.
“Biz milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasını yaxşılaşdırmaq üçün aparılan ardıcıl siyasətin inkişafına çalışacağıq”, - deyə A.Məmmədov vurğulayıb. Onun sözlərinə görə, bu cür tədbirlər Dmanisi və Qardabani rayonlarında da təşkil olunub. Növbəti tədbir isə Marneuli rayonunda keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi