CƏMİYYƏT
Gürcüstanın Aşağı Kartli regionunda qeydə alınmış xırdabuynuzlu heyvanların taun xəstəliyi aradan qaldırılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, təşkilatın rəsmi məlumatına əsasən, Gürcüstanın Aşağı Kartli regionunda qeydə alınmış xırdabuynuzlu heyvanların taun xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən əraziyə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.